“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilib



 

Fevralın 16-da “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin Ümumi biliklər üzrə ilk imtahanı keçirilib.
elitinf.az trend-ə istinadən məlumat verir ki, imtahanda 7701 şəxs iştirak edib. Onlardan 46 faizi Bakı şəhəri, 56 faizi regionların payına düşür. İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub.
İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılıb. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunub. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb.
Onlayn mərhələnin ikinci hissəsi olan Qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək.
Qabiliyyət imtahanı üzrə testlər 3 blok – abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.