“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmağımı özümə və Qars ictimaiyyətinə verilən böyük qiymət kimi dəyərləndirirəm. Bu yüksək mükafatı qürur və şərəflə qəbul etdim. Bu münasibətlə Azərbaycan Prezidenti başda olmaqla ölkə rəhbərliyinə və xalqına təşəkkürümü çatdırıram.
Bu fikirləriQars valisi Türker Öksüz söyləyib. O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatirladaraq bildirib ki, Azərbaycan və Türkiyə daha da güclənərək gələcəyə doğru əmin addımlarla birlikdə irəliləyəcək.
Ortaq köklərə və tarixə malik olan Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan vali deyib: “İki qardaş ölkə arasında ticarət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, informasiya, nəqliyyat, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Türkiyə və Azərbaycanın mənafelərini qoruyaraq hərəkət etməsi hər iki ölkənin xarici siyasətində prioritetdir. Münasibətlərimiz dostluğa və qardaşlığa söykənir”.