Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Elitinfo.az xəbər verir ki, tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb.

Plana əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil ediləcək, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunacaq. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.