Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir kəmər, bir yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb.

BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı mərkəz sədri müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlər və əldə etdiyi nailiyyətlər barədə təqdimatla çıxış edib, Çin-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb.

Təqdimat ətrafında aparılan müzakirələrdən sonra iki beyin mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.