31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Bakı günərzi qayğı mərkəzinin çətin həyat şəraitində yaşayan ailələrinin 30 nəfər uşağı üçün təmənnasız stomatoloji müayinə və müalicə xidmətləri təşkil edilmişdir. Stomatoloji xidmət “Azercell Telekom” MMC tərəfindən təqdim edilən “Mobil Diş Klinikasın” və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin həkimləri tərəfindən həyata keçirilir.
Ən müasir tibbi avadanlıqla təchiz edilmiş “Mobil Diş Klinikası” günərzi qayğı mərkəzinin uşaqlarına 2 həftə müddətində diaqnostik baxış, həkim stomatoloqun müayinəsi və ehtiyaca uyğun diş çəkilməsi, plomblama, dişlərin təmizlənməsi və ağız boşluğunun profilaktik tədbirləri həyata keçirəcəkdir.

“İnkişaf Naminə İdman” İB -dən  Elitinfo.az-a verilən məlumata görə  Bakı günərzi qayğı mərkəzi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” üzrə dövlət sifarişi əsasında yaradılmışdır.
Bakı günərzi qayğı mərkəzinin əsas məqsədi 03 – 12 yaş uşaqların müəssisələrə yerləşdirilməsi hallarının qarşısını almaq üçün onların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərini həyata keçirmək, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarını təmin etmək, həmçinin çətin həyat şəraitində olan ailələrə dəstək göstərməkdən ibarətdir.