Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Mingəçevir şəhərində yaşayan sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial reabilitasiya xidmətlərini həyata keçirir.

Birlikdən verilən məlumata görə layihə çərçivəsində mərkəzdə qeydiyyata alınmış sağlamlıq imkanları məhdud uşaqların sağlamlıq diaqnozları ilə bərabər onların ehtiyacları haqqında da müəyyən qeydlər aparılır və bu ehtiyacların qarşılanması üçün təşkilat bütün mümkün imkanlardan istifadə edir. Belə ki, noyabr ayında 30 nəfər göz xəstəliyindən əziyyət çəkən uşaqlar pulsuz müayinə olunaraq onların ehtiyaclarına uyğun olaraq pulsuz optik eynəklərlə təmin olundular. Müayinəni “Azercell Telekom” MMC-ninmobil həkimləri həyata keçirib. Digər bir məsələ autizmdən əziyyət çəkən və mərkəzdə qeydiyyatda olan İsaq adlı uşağımızı Bakıda fəaliyyət göstərən psixoloji mərkəzlərdən birinə yönləndirilərək psixoloji testdən keçməsinə şərait yaratdıq. Uşağın testdən keçirilməsinin əsas səbəbi mütəxəssislərin söylədiyinə görə uşaqda aşkar olunan qeyri-adi dil öyrənmə bacarığıdır. İsaq öz ana dilindən başqa ingilis və rus dilini müasir texnologiyalar vasitəsilə öyrənir və bu, hətta onun danışıq tələffüzündə də hiss olunur. Daha bir addımımız ailə başçısını itirmiş ailədə serebral iflicdən əziyyət çəkən iki qız uşağından birinin bərpa mərkəzində seans alaraq bərpa olunması üçün Bakı şəhərində müvəqqəti məskunlaşmasına şərait yaratmaq oldu. Əks halda qlzlmız bərpadan kənarda qalacaqdı. Təbii ki, layihə çərçivəsində həyata keçirilən əməkdaşlıq münasibətlərinin müsbət nəticəsi olaraq həyata keçirilən hər bir humanist iş sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət edir.