“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə növbəti uğurlu layihəyə imza atıb. “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə çərçivəsində hazırlanmış “İndi hünər meydanıdır” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb.

Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərindən seçmələr yer alıb. Layihənin rəhbəri “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi sədrinin müavini Həbib Misirov, kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçi isə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

Layihə barədə məlumat verən Musa Nəbioğlu bildirib ki, qəhrəmanlıq və vətənpərvərlik, Qarabağ müharibəsi mövzusu aşıqlarımızın təkcə şeirlərində deyil, həm də onların yaratdıqları dastanlarda öz əksini tapır. Yəni aşıq sənətinin mühüm tərkib hissəsi olan dastançılıq – dastan yaratmaq və söyləmək ənənəsi bu gün də yaşayır və günümüzün reallıqlarına uyğun olaraq yeni-yeni dastanlar yaranır. “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihənin də əsas məqsədi diqqəti hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında yer almış vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə və dastanlara yönəltməkdir.