İnanıram ki, fermerlərimizin heyvandarlıq üzrə beynəlxalq sərgilərdə iştirakı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsində qarşımıza qoyduğu məhsuldarlıq və səmərəliliyin artırılması kimi vəzifələrin daha da sürətli icrasına töhfə verəcək.

Bu fikri AZƏRTAC-a müsahibəsində Klermon-Ferran şəhərində “Sommet de l’elevage” (“Heyvandarlıq zirvəsi”) adlı beynəlxalq heyvandarlıq sərgisində Kənd Təsərrüfat naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, bu beynəlxalq heyvandarlıq sərgisinə bir qrup azərbaycanlı fermerlə gəlməyin əsas məqsədi onlara avropalı həmkarları ilə görüşmək, onlarla əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır: “Fermerlərimiz burada müxtəlif cinsdən olan heyvanları görür, heyvandarlıq sahəsində digər ölkələrin təcrübəsi ilə tanış olurlar. Eyni zamanda, onlar kənd təsərrüfatı sahəsində istifadə olunan yeni texnika ilə də tanış olmaq imkanı əldə edirlər”.

İnam Kərimov bildirib ki, dövlətimiz kənd təsərrüfatının bütün sahələrində fermer fəaliyyətinə, xüsusilə də heyvandarlığın inkişafına qayğı və dəstəyini əsirgəmir: “Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir. Aqrar sahənin inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı, o cümlədən damazlıq heyvanların ölkəmizə idxalı üçün subsidiyalar verilir. Fermerlərin aldığı hər baş iribuynuzlu heyvanın dəyərinin 60 faizi dövlət tərəfindən maliyyələşdirilir, qalan hissə isə güzəştli kreditlə ödənilir. Həmçinin kənd təsərrüfatı texnikalarının dəyərinin 40 faizi dövlət tərəfindən, qalan hissəsi isə güzəştli kreditlə ödənilir. Ölkəmizdə aqrar sahəyə göstərilən bu diqqət və qayğı kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradır”.