VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində Rusiyanın “Şans” nəşriyyatının təqdimatı keçirilib.

Təqdimatda nəşriyyatın fəaliyyəti və nəşr etdikləri kitablar barədə söhbət açılıb.

Nəşriyyatın piar-meneceri Valeriya Pinyagina çıxışında öz fəaliyyətindən danışıb, bildirib ki, nəşriyyatın əsas istiqaməti Çin ədəbiyyatının rus dilinə tərcüməsindən ibarətdir. “Şans” nəşriyyatı Çinin “Pekin universiteti”, “Yeni işıq”, “Çin xalq mədəniyyəti” nəşriyyatları kimi öndə gedən poliqrafiya evləri ilə əməkdaşlıq edir. “Çalışırıq işimizi müxtəlif istiqamətdə aparaq. Kitablarımız uşaq ədəbiyyatı, rəssamlıq, təhsil, Çin dilinin tədrisi və digər mövzuları əhatə edir”, – deyə V.Pinyagina əlavə edib.

Qeyd olunub ki, “Şans” nəşriyyatı tək Rusiyada deyil, Qazaxıstan, Qırğızıstan və Pekində fəaliyyət göstərir.

Nəşriyyatın buraxılış redaktoru Nataliya Şiryayeva çıxışında bildirib ki, nəşriyyat bir çox müsabiqələrdə, beynəlxalq sərgilərdə iştirak edib, mədəni dialoqun inkişafına verdikləri töhfəyə görə mükafatlar qazanıb. Həmçinin nəşriyyat Rusiya Federasiyası Ticarət Palatasının sədri tərəfindən effektiv inkişaf prosesinin tədqiq edilməsi və inkişaf etmiş ölkələrdə iqtisadiyyatın transformasiyasına töhfə verdiyinə görə diplomla da təltif olunub.

Sonra N.Şiryayeva daha çox populyarlıq qazanan kitabları təqdim edib: “Biz uşaq ədəbiyyatını da nəşr edirik. Burada əsasən “Anderson” mükafatı qazanan müasir müəlliflər çap olunur. Bu kitablar Çin mədəniyyəti ilə tanış olmayanlar üçün yaxşı vəsaitdir. “Bu yerlərin mənzərəsi” adlı kitabı isə Çində yaşayan, İslam dininə ibadət edən uyğurların həyatından bəhs edir”.

N.Şiryayeva bildirib ki, nəşrlər sırasında Çin dilini bilməyənlər üçün dərsliklər də var. Bu kitablarda Çin dilində ən çox istifadə edilən heroqliflər yer alıb. “Çindən əsən meh” kitabı isə bilik səviyyəsinə görə adaptasiya olunmuş hekayələrdən ibarətdir. Belə vəsait bu dili öyrənənlərə söz ehtiyatını artırmağa imkan verir.

“Çayın sözlərdə ifadəsi” adlı növbəti kitabdan danışan N.Şiryayeva qeyd edib ki, vəsait Çində çay mədəniyyəti haqqında ətraflı məlumat verir. Bu kitabda çayın becərilməsi, çay içmə zamanı keçirilən rituallar, ümumiyyətlə çayla bağlı bütün məlumatlar təsvirlərlə göstərilib. “Bu kitab gözəl bir hədiyyə də ola bilər”, -deyə N.Şiryayeva əlavə edib.