Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə yeni komressor stansiyasının açılışı olub. Yeni layihənin həyata keçirilməsi nəticəsində 1250 abonent qazla təmin olunacaqdır.

Siyəzəndə SOCAR-ın əməliyyatçı olduğu Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılış mərasimi olmuşdur. Kompressor stansiyası SOCAR və BMT İP-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilmişdir. Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak etmişlər.

Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilmiş və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülmüşdür. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılmış, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilmişdir. 2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 milyon m3 səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaqdır.

“Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi SOCAR və BMT İP tərəfindən 2015-ci ildən həyata keçirilir. Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. 2013-cü ildən başlayaraq, SOCAR hər il birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir.