İsveç paytaxtının Şarholmen bələdiyyəsi yerli əhalini müxtəlif xalqların mədəniyyətləri ilə tanış etmək məqsədilə bələdiyyənin mərkəzi meydanında “Xalq festivalı” adlı tədbir keçirib.

“İsveç-Azərbaycan Dərnəyi (SAF)” fəalları xalqımızın mədəniyyətini yerli ictimaiyyətə nümayiş etdirmək üçün tədbirin keçirildiyi yerdə Azərbaycan guşəsi yaradıb. Burada Azərbaycanın qədim tarixi, xalqımızın zəngin mədəniyyəti və adət-ənənələri, milli geyimləri haqqında məlumat verilməklə yanaşı, milli şirniyyatlarımız da tədbir iştirakçılarına təqdim olunub.

Bundan başqa, SAF dərnəyinin milli geyimdəki üzvləri yerli ictimaiyyət nümayəndələrinə müasir Azərbaycan barədə məlumat xarakterli broşürlər paylayaraq, onların ölkəmizlə bağlı suallarını cavablandırıb.

Tədbir əsnasında Şarholmen bələdiyyəsinin əlaqələndiricisi Anette Manoti Azərbaycan guşəsinə gələrək diaspor nümayəndələrimizin bu tədbirdə iştirakını yaxşı hal kimi qiymətləndirib və SAF dərnəyinin fəalları ilə söhbət edib. Anette Manoti vurğulayıb ki, azərbaycanlılar İsveçin mədəni müxtəlifliyinə öz töhfəsini verməkdədir və bu məsələdə SAF dərnəyi mühüm rol oynayır.