Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə təqdim ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən  Elitinfo-ya bildiriblər ki, mənzillərə dair çıxarışlar səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində sakinlərə veriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə jurnalistlər üçün iki bina tikilərək 2013-cü və 2017-ci illərdə istifadəyə verilib. Birinci binada 156, ikinci binada isə 255 mənzil var. Bununla da 400-dən çox media işçisinin mənzil problemi həllini tapıb.

Hazırda 255 mənzilli üçüncü bina tikilir. Bu bina istifadəyə verildikdən sonra mənzillərin ümumi sayı 666-ya çatacaq.