Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub

AZƏRTAC xəbər verir ki, avqustun 18-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Beynəlxalq Kulinariya Günü (Ravintolapäivä) münasibətilə böyük tədbir təşkil olunub. Bu ilki Beynəlxaq Kulinariya Günündə Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Azərbaycan Diasporunun nümayəndələri də fəal iştirak edib.

Hər il dünyanın bir çox ölkəsində qeyd olunan Beynəlxalq Kulinariya Günü İldən ilə iştirakçı sayının artması ilə gündəmdə vacib yer tutur. Bu il də ənənəvi olaraq Finlandiyada paytaxt Heslinki şəhəri daxil olmaqla ölkənin bir neçə böyük şəhərlərində Beynəlxalq Kulinariya Günü qeyd olunub.

Helsinkinin Hakaniemi rayonunda təşkil olunan tədbirdə Finlandiyada yaşayan azərbaycanlı ailələr xalqımızın zəngin milli mətbəxinin təamlarını yerli ictimaiyyətə tanıtmaq məqsədi ilə bu il ciddi hazırlıqlar görüb. Belə ki, burada milli mətbəximizin müxtəlif təamları ilə yanaşı milli şiriniyyatlarımız təqdim edilib. Bundan başqa diaspor fəalları yerli ictimaiyyətin nümayəndələrini maraqlandıran suallara cavab verərək onları ölkəmiz haqqında ətraflı məlumatlandırıb.

Qeyd etmək lazımdır ki, milli mətbəximiz yerli ictimaiyyət nümayəndələri, həmçinin tədbirdə iştirak edən turistlər tərəfindən böyük maraqla qarşılanıb. İlk dəfə Azərbaycan milli mətbəxi ilə tanış olan finlilər milli mətbəximizin ləziz təamlarının dadına baxmaqla yanaşı onların hazırlanma qaydaları haqqında da məlumat alıb.