Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bir neçə gündür ki, barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 2 min 308,2 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Tərtər Rayon İcra Hakimiyyətindən  bildirilib ki, baramaçılıq 1970-1980-ci illərdə rayonda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanıb. Ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi üçün rayonda zəruri tədbirlər görülür.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayonda 228 mindən çox tut tingi əkilib ki, onun da 100 mindən çoxu Çindən gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4 min 610 kiloqram, ötən il 10 min 228 kiloqram barama istehsal edilib.

Bu il isə kümçülərə 500 qutu ipəkqurdu verilib, 20 tondan çox barama istehsalı nəzərdə tutulur.