Azərbaycan ilə Gürcüstan tarixən bir-birinə yaxın dost ölkələr olublar. Bu iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Elitİnfo.az  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Tbilisidə jurnalistlərə açıqlamasında söyləyib.

A.Quliyev təəssüf hissi ilə qeyd edib ki, bəzən bu tərəfdaşlığa zərər yetirməklə bağlı cəhdlər olur.

Onun sözlərinə görə, bu cür cəhdlərə yol vermək olmaz. Onların arxasında üçüncü qüvvələr durur. Həmin qüvvələrə Azərbaycan ilə Gürcüstan arasındakı yaxın tərəfdaşlıq münasibətləri sərf etmir. Ona görə də müxtəlif yollarla bizim dostluğumuza kölgə salmağa çalışırlar. Son vaxtlar “Keşikçidağ” məbəd kompleksi (David Qareci) ilə bağlı məsələ də bu cür təxribatlardandır.

“Ölkələrimiz arasında tarixən heç bir münaqişə olmayıb. İstənilən mübahisəli məsələ tərəfdaşlıq mühitində həll olunur. Bütün məsələlər bundan sonra da belə həll olunacaq” – deyə, A.Quliyev vurğulayıb.