Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub.

Qusar Rayon İcra Hakimiyyətindən bildirilib ki,  “şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb”.

Güclü küləyin təsirindən rayonda irigövdəli ağaclar minik avtomobillərinin üzərinə aşıb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.

Həmiçinin təbiət hadisəsi nəticəsində elektrik dirəkləri aşıb, naqillər qırılıb, Qusarın şəhər mərkəzi ilə bərabər kəndlərinin 70 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb. Hazırda “Azəriqaz ” İstehsalat Birliyinin əməkdaşları xətlərin bərpası işi ilə məşğuldur.Küləyin əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan vuruduğu da qeyd edilib

Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin dam örtüyünü dağıdıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü uçurub. Hazırda “Azərenerji” ASC-nin əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır. Həmçinin Qusar rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.