“Avropa Liqası qitənin ikinci böyük turniridir. Biz “Çelsi”də hər mövsüm kubok barədə düşünürük”.

“Elitİnfo az”  yerli mətbuata  istinadən xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu Sesar Aspilikueta Almaniyada “Ayntraxt”la keçirəcəkləri Avropa Liqasının 1/2 final mərhələsinin ilk görüşündən öncə mətbuat konfransında deyib.

30 yaşlı müdafiəçi mövsüm ərzində bir neçə titul qazanmaq ehtimallarının olduğunu, ancaq hazırda Avroliqanın yarımfinalında mübarizə apardıqlarını xatırladıb. İspaniya millisinin də şərəfini qoruyan oyunçu yarımfinalda oynamaq üçün uzun yol qət etdiklərini söyləyib: “Kuboku qazanmaq əsas prioritetdir. Bizim məqsədimiz də budur. Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq. Avropa Liqasının kubokunu ikinci dəfə qazanmağa çalışmalıyıq”.

Qeyd edək ki, “Ayntraxt” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Sesar Aspilikueta 2012-2013 mövsümündə London təmsilçisinin heyətində Avroliqanın qalibi olub.