Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun, Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülayın şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalına start verilib.

“Elitİnfo”.az xəbər verir ki, festival çərçivəsində zəka sahibləri 3 qrupda mübarizə aparacaqlar. Reqlamentə əsasən beynəlxalq festivalda güclülərin (“A” qrupu, 2250-dən yuxarı reytinqli şahmatçılar), əmsalı az olanların (“B” qrupu, 2250-dən aşağı) və uşaqların (“C” qrupu) yarışı keçiriləcək. Artıq festivalın “A” qrupunda iştirak etmək üçün 54 şahmatçı mübarizəyə başlayıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılır.

Festivalda 14 ölkədən 356 şahmatçı iştirak edir.

Mayın 10-dək davam edəcək festival çərçivəsində bir-birindən maraqlı tədbirlər keçiriləcək.