Şimali və Cənubi Koreyanın ali rütbəli hərbçilərdən ibarət nümayəndələrinin sərhədyanı Panmuncom qəsəbəsinin Koreya Xalq Demokratik Respublikası (KXDR) hissəsində görüşü keçirilib. Elitinfo.az- xəbər verir ki, görüşdə gərginliyin azaldılmasına dair ötən ay iki tərəf arasında əldə olunmuş razılaşmanın icrası ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Cənubi Koreya nümayəndə heyətinə rəhbərlik edən general-mayor Kim Do-qyun deyib ki, iki ölkə arasında birgə təhlükəsizlik zonasının silahsızlaşdırılması prosesinin irəli getməsini görmək sevindiricidir.

Şimali Koreya nümayəndə heyətinin rəhbəri general-leytenant An İk-san isə bildirib ki, hər iki ölkənin hərbçiləri sülhün təminatına töhfə verirlər. “Bu yaxınlaradək iki ölkənin hərbçiləri qarşıdurma və münaqişə xəttində bir-birinə silah tuşlamışdılar. Mən məmnunam ki, indi hər iki tərəfin hərbçiləri liderlərimizin istəklərini yerinə yetirərək koreyalıların ideologiyasının həyata keçməsi üçün ön sırada səy göstərirlər”, – deyə An İk-san qeyd edib.

Görüşdə tərəflər Koreyalararası hərbi komitənin yaradılması və onun fəaliyyətini, habelə iki ölkə arasındakı gərginliyə görə mülki şəxslər üçün qapalı elan olunan Xan çayında birgə tədqiqatların aparılması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Koreya Respublikasının Prezidenti Mun Ce-inin ötən ay Pxenyanda KXDR lideri Kim Çen In ilə görüşündən sonra iki ölkənin müdafiə qurumlarının rəhbərləri razılaşma imzalayıblar. Sənədə demilitarizasiya zonasındakı birgə təhlükəsizlik zonasının silahsızlaşdırılması, bəzi sərhəd mühafizə postlarının ləğv edilməsi, quruda, havada və dənizdə bufer zonalarının yaradılması məsələləri daxildir.