Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Deputatlar Palatasının sədri Emilio Monzo səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini və Milli Məclisin sədri ilə görüşdüyünü, – deyən Emilio Monzo görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından çox faydalı müzakirələrin aparıldığını vurğulayıb.

Görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafı baxımından önəmini xüsusi vurğulayıblar.

Bu ilin martında Argentinaya səfərini xatırladan nazir Elmar Məmmədyarov səfər çərçivəsində faydalı görüşlər keçirdiyini və ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib.

Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığını diqqətə çatdıran nazir bu səfərin ölkələrimizin münasibətlərinin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Emilio Monzo nazir Elmar Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb, hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.