İspaniyanın “Real” futbol klubu İngiltərənin “Çelsi” komandasının belçikalı yarımmüdafiəçisi Eden Azarla 6 illik saziş barədə razılaşmaya hazırlaşır. “‪Championat.ru” xəbər verir ki, klublar 28 yaşlı futbolçunun yaxın transfer pəncərəsi zamanı keçidlə bağlı danışıqlara nail olmaqdadır. Oyunçu özü “Real”ın baş məşqçisi Zinədin Zidanla söhbətdən sonra İspaniyaya köçməyə razılıq verib. Yaxın vaxtlarda Azar Madridlə tanışlıq və yaşayış yeri axtarmaq məqsədilə bu şəhərə getməlidir.

Daha əvvəl xəbər verilmişdi ki, “Çelsi” belçikalını 115 milyon avro müqabilində buraxmaq fikrindədir. “Real” keçən il də Azarı cəlb etməyə cəhd göstərmişdi. Lakin “Çelsi”nin təklif etdiyi məbləğ (200 milyon avro) “Real”ın rəhbərliyini qane etməmişdi.

Azar 2012-ci ildən “Çelsi”nin idman şərəfini qoruyur. Azar London klubunun tərkibində Avropa Liqasının qalibi olub (2012/13), Futbol Liqası Kuboku qazanıb (2014/15), iki dəfə (2014/15, 2016/17) İngiltərə çempionu və İngiltərə Kubokunun (2017/18) sahibi olub. 2018-ci il dünya çempionatında Azar Belçika yığmasının tərkibində bürünc medal qazanıb. Bu yarımmüdafiəçi İngiltərə Premyer-Liqasının cari mövsümündə keçirdiyi 31 oyunda 14 qol vurub, 12 nəticəli ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçu 150 milyon avro dəyərləndirilir.

Cari mövsümdə “Real” 30 oyundan sonra 57 xalla İspaniyanın turnir cədvəlində üçüncü yerdədir. “Çelsi” İngiltərə Premyer-Liqasının turnir cədvəlində 32 görüşdən sonra 63 xalla beşinci sıradadır.