Ədliyyə Nazirliyi və Mətbuat Şurası yeni layihə üzərində işə başlayıb. Bu layihə ölkənin ədliyyə sistemi və məhkəmələrin fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını nəzərdə tutur.
Layihə ilə bağlı təşkil olunan brifinqdə Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətindən bəhs edilib. Nazirliyin bu sahədə tətbiq etdiyi bir çox yeniliklər media təmsilçilərinə təqdim edilib.
Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi, ədliyyə naziri yanında İctimai komitənin üzvləri və çoxlu sayda aparıcı KİV nümayəndəsi iştirak edib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova bildirdilər ki, layihənin məqsədi Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlığı gücləndirməkdir. Media təmsilçiləri tədbir zamanı nazirliyin mətbuat xidmətinin jurnalistlərlə daha sıx əməkdaşlıq etməli olduğunu qeyd edərək, indiyə qədər bu sahədə vəziyyətin o qədər də qənaətbəxş olmadığını bildirdilər. Həmçinin, sorğulara gec cavab verildiyini bildirdilər. Buna cavab olaraq, nazirlik təmsilçisi A.Sabitova hər bir sorğunun mütləq şəkildə araşdırılıb, dəqiqləşdirilməli olduğunu və yalnız bundan sonra mətbuata məlumat verilməsinin mümkünlüyünü önə çəkdi. Bununla yanaşı, A.Sabitova nazirliyin mətbuatla daha sıx və mümkün qədər operativ şəkildə işləməyə çalışdığını dedi.
Daha sonra brifinqdə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verildi. Nazirliyin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov brifinqdə Nazirliyin əsas fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin, istintaq və cəzaların icrası sahəsində fəaliyyətə dair çıxışlar ediblər.
Sonra mətbuat nümayəndələri Probasiya xidmətinin elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış oldular. Xidmətin rəisi A.Ziyadov mərkəzin işi ilə bağlı şəxsən özü məlumat verdi. Məlum oldu ki, hazırda 900-dən artıq məhkuma mərkəz tərəfindən sutka boyu elektron formada nəzarət edilir.
Həmçinin, layihənin davam etdiriləcəyi və KİV nümayəndələrinin nazirliyin digər strukturları ilə görüşlərinin də təşkil olunacağı bildirildi.

1a2a 3a 4a 5a 6a