Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir. Həm sənayenin, həm kənd təsərrüffatının, həm də digər sahələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq yeni müəssisələr, fermer təsərrüffatları, xidmət obyektləri açılır. “Astara Çay” MMC də bunlardan birdir.

“Astara Çay” MMC 2010-cu ildə təsis edilib. Əsasən təbii qara çay istehsalı üzrə ixtisaslaşmış olan bu şirkət çayla yanaşı təbii düyü istehsalı, feyxoa, apelsin və mandarin becərilməsi ilə də məşğul olur.

“Astara Çay” MMC “Made in Azerbaijan” brendi altında 100 % təbii “Astaraçay”, “AzTea” və “Astara Düyüsü” markalarına aid onlarla məhsul çeşidinin istehsalçısıdır. Çeşidli çay və düyü məhsullarının istehsalı üçün istifadə edilən xammalın hamısı yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarından və çəltik sahələrindən əldə edilir.
“Astara Çay” MMC hazırda Azərbaycanda ən böyük çay plantasiyasına sahib olan təbii çay istehsalçısıdır. Şirkətin ən müasir avadanlıqlarla təchiz edilmiş çay emalı və qablaşdırılması fabriki 2015-ci ildən fəaliyyətə başlamışdır. Hazırda fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir.

“Astaraçay” MMC-nin direktorunun kənd təsərrüfatı məsələləri üzrə müavini, baş aqronom İsrafil İsrafilov “Elitinfo.az”a açıqlamasında şirkətin fəaliyyəti barədə məlumat verdi.

O, bildirdi ki, “Astaraçay” MMC təsis edilərkən ölkədə çayçılığın inkişaf etdirmək üşün lazımı qədər resurs yox idi: “Gürcustandan çətinliklə də olsa toxum gətirdik, şitillik yaratdıq. Birinci il biz buralarda çay əkməyə başladıq. 260 hektarda çay əkdik.Hazırda çay plantasiyasının həcmini 400 hektara qədər artırmışıq.

Bununla da kifayətlənməyib, 100 hektardan yuxarı sitrus sortunu yetişdirmişik. Həm Astara, həm da Lənkəranda çayçılığı inkişaf etdirmək üşün xeyli işlər görmüşük.


“Astaraçay” MMC-nin inşa etdiyi çay fabriki Koreya Respublikası, Yaponiya və Almaniya şirkətlərinin layihəsi əsasında tikilib. 5 hektar əraziyə malik çay fabrikinin istehsal gücü gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 48 tona çatdırmaq nəzərdə tutulub.

Müasir standartlar səviyyəsində qurulmuş çəkici-bükücü müəssisədə çəkisi 100, 200, 250, 300, 400, 500 və 1000 qram olan çay bükümləri hazırlanır. Burada dəqiqədə 8 çay bükümünün istehsalı mümkündür. MMC-nin fəaliyəti üçün ofis binası ilə yanaşı “Çay muzeyi”, dequstasiya zalı və “Çay evi” də tikilib”.

İsrafil İsrafilovun sözlərinə görə, 17 hektar köhnədən qalmış çay sahəsini təmizləyib, yenidən çay əkiblər: “Gördüyümüz işlər cənab Prezident İlham Əliyev tərəfidən də yüksək qiymətləndirilib. Prezident həm 2015-ci ilin aprelində, həm də 2017-ci ilin sentyabrında bölgəyə gələrək müşavirə keçirdi. Şirkətimizin fəaliyyəti ilə də tanış oldu. Çox razı getdi. Öz fikirlərini söylədi, tövsiyələrini verdi.

 

Dedi ki, mən istəyirəm Azərbaycan çayının əvvəlki şöhrəti yenidən qayıtsın, bizim çaylar xarici ölkələrin brend mağazalarında olsun. Mənim də çıxışım oldu, çox razı qaldı.
Onun məsləhətindən sonra biz Almaniyadan aparatlar gətirdik. Hazırda bizim fabrik Yaponiyadan gətirilən texnologiya ilə, avadanlıqlarla işləyir. İndi həmin avadanlıqlarla biz özümüz çayı emal edir və qablaşdırırıq. İstehsal etdiyimiz çaylar xarici bazarlarada, həm də öz respublikamızda sevilərək istifadə olunur.

Şirkətimizin hazırladığı “Məxməri”, “Ekstra”, “May çayi”, “Pürrəngi” çayları may ayının son 22-23 günü ərzində çay kollarının üst, orta və yuxarı yarpaqlarından yığılaraq hazırlanır. İri yarpaqlı çayı sevənlər üçün “Məxməri”nin yumşaq dadı və ətri əvəz olunmaz bir zövq ola bilər. Ən xırda yarpaqlı çayımız olan “Ekstra” digər təbii çaylara nisbətən daha tez dəm alması və özünəməxsus ətri ilə seçilir.

“İncə” çayı may ayının ilk 3 günü səhər saat 6:30-8:00 arasında çay kollarının üst hissəsindən seçilərək yığılan incə tumurcuqlardan hazırlanır. Bu tumurcuqlar yalnız Azərbaycanın subtropik zonası olan Astara rayonunun dağətəyi zonasındakı plantasiyalarımızdan yığılır. “İncə”çayının tərkibində çay keyfiyyətinin göstəricisi olan taninin həcmi digər dünya çayları ilə müqaisədə ən yüksək səviyyədədir.

Bunlardan əlavə şirkətimizin hazırladığı “AzTea Gold”, “AzTea Premium”, “AzTea Buket” (Bouquet) adlı çaylar may ayının əvvəlində – ilk həftəsində çay kollarının yenicə pöhrələnmiş üst yarpaqlarından yığılaraq hazırlanır.Bu çayların da keyfiyyət göstəriciləri yüksək səviyyədədir”.

İsrafil İsrafilov qeyd etdi ki, “Astaraçay” MMC çayçiliqla bağlı Dövlət Proqramının həyata keçirilməsində yaxından iştirak edir. Həmşinin düyü, çəltik istehsalını da genişləndirir: “Müəssisəmiz əsasən çayçılıq üzrə ixtisaslaşsa da, Azərbaycanda kənd təsərrüfatının qədim sahələrindən olan çəltikçiliklə də məşğul olur. 100 hektardan artıq sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri azərbaycanlı mütəxəssislərlə birgə həyata keçiriblər. Yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan da istifadə edilib. Çəltik sahələrindən 400 tona yaxın məhsul toplanıb. Eyni zamanda, gündəlik istehsal gücü 10 ton olan və 3 qurutma aqreqatı ilə təchiz olunmuş düyü dəyirmanı əsaslı təmir edilərək istismara verilib”.

İsrafil İsrafilov qeyd etdi ki, “Astaraçay” MMC-nin məhsullarının keyfiyyəti də yüksəkdir: “Çay və düyü məhsullarının becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir və ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilir. Çay plantasiyalarımızda Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır və plantasiyalarımız müvafiq sertifikatlara laiq görülür. “Astaraçay” MMC-nin ISO standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev isə bu sahənin bərpası və yenidən inkişafı istiqamətində geniş işlər həyata keçirir. Biz də Prezidentin bu sahədə qarşımıza qoyduğu vəzifələri reallaşdırmağa çalışırıq. Bu gün Prezidentin dəstəyi ilə “Astara Çay” MMC çayçılığın inkişafında yeni səhifələr açır.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında yerli şirkətlərinin qarşısında beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərərək, dünya miqyasında özünə layiqli yer tutmaq vəzifəsi qoyub. “Astaraçay” MMC-nin də fəaliyyətini bu tələblərə uyğun səviyyəsdə qurub. Bundan sonra da “Astaraçay” MMC Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi inkişafa öz töhvələrini verməyə çalışacaq”.

R.Mehtiyeva
Elitinfo.az.