Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə bugünkü diqqət və qayğısı ulu öndər Heydər Əliyevin yoludur. Ulu Öndər mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğısını heç vaxt əsirgəməyib. Həmişə aktyorlarla, rəssamlarla, rejissorlarla və digər yaradıcı insanlarla görüşərək problemləri ilə maraqlanıb. Biz də həmişə fəxr etmişik ki, bizim belə bir Prezidentimiz var. Başqa ölkələrdən olan həmkarlarımızla görüşlərdə onlar həmişə bizə həsəd aparıblar. İllər öncə deyirdilər ki, Heydər Əliyev kimi rəhbəriniz var və bu gün də həsəd aparırlar ki, bizim İlham Əliyev kimi böyük bir dayağımız var.

Bu sözləri  Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev deyib.

O bildirib ki, insan kiməsə arxalanmasa, kimsə ona dayaq olmasa, çox zəif görünər. Yaradıcı insanlara bu, xüsusən vacibdir. Bizim Musiqili Teatr kimi gözəl bir binamız var. Burada tamaşalarla yanaşı, müxtəlif tədbirlər, beynəlxalq konfranslar keçirilir. Dünyanın bir çox ölkələrindən gələn qonaqlar bu binanı görəndə valeh olurlar. Biz də çox qürurla deyirik ki, belə gözəl binanı təmir edərək yaradıcı insanlara Prezidentimiz bəxş edib.