Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının kubokunun Azərbaycana gətiriləcəyi tarix açıqlanıb.

AZƏRTAC xəbər verir ki, kubok mayın 16-da Bakıya gətiriləcək. Kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Martın 22-23-də Sevilya, ayın 29-30-da Berlin, aprelin 5-6-da London, 12-də Milan, səkkiz gün sonra Moskva, mayın 10-da Parisdə olacaq kubok daha sonra paytaxtımıza göndəriləcək.

Səyahət çərçivəsində azarkeşlər kuboku görmək imkanı əldə edəcəklər. Həmçinin mükafat yerli həvəskar klublar və məktəblərdə də nümayiş olunacaq. Eləcə də kampaniya çərçivəsində futbolçu və azarkeşlər istifadə olunmuş idman geyimlərini UEFA-nın Fonduna bağışlamağa təşviq ediləcəklər. Bu geyimlər İordaniyadakı Zaatari qaçqın düşərgəsindəki suriyalı uşaqlara bağışlanacaq.

UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.