Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
Elitinfo.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:
polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə
polkovnik Yusif Həsən oğlu Mirzəyevə.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant
Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant
Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant
Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Akif oğlu – mayor
Həsənov Nicat Zəfər oğlu – mayor
Əsədullayev Vilayət Fətulla oğlu – kapitan
Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon (iyirmi bir milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan XVIII Zirvə Görüşünün təşkili və ölkəmizin Hərəkata sədrliyi ilə bağlı məsələlərin həlli məqsədilə qərara alıram:
1. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək XVIII Zirvə Görüşünün təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru.
2. Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratsın və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində görüləcək işlərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanının 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir;
2.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.”.