Ötən gün Parisdə İran hakimiyyətinə qarşı etiraz nümayişi keçirilib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bir neçə min iranlı müxalif İranda dini rejimin ləğv edilməsinə çağırıblar. Bu nümayiş İranda islam inqilabının baş verməsindən 40 il sonra keçirilir.

Nümayişə “Xalq mücahidləri” müxalif qruplaşması da qatılıb. Habelə bir sıra keçmiş və fəaliyyətdə olan fransalı siyasətçi nümayişə dəstək verib.

Nümayişçilər əllərində “Xalq mücahidləri”nin lideri Miriyam Rəcavinin portretlərini də tutublar. Bu təşkilat vaxtilə İraqda düşərgə salmışdı və İrana qarşı müharibə aparırdı. 2003-cü ildə İraqa müdaxilə edən Amerika qoşunları qruplaşmanı tərksilah edib.

İranda islam inqilabının 40 illiyinin tamam olduğu bir vaxtda ölkə dərin iqtisadi böhran içərisindədir və insanların inqilabla bağlı məyusluğu getdikcə artır. Bir tərəfdən ABŞ tərəfindən tətbiq edilmiş sərt iqtisadi sanskiyalar, digər tərəfdən hakimiyyətin korrupsiyalaşması iranlıların sosial-iqtisadi vəziyyətini xeyli ağırlaşdırıb. İran liderləri bu günlərdə ölkənin görünməmiş iqtisadi böhran içərisində olduğunu etiraf ediblər.