Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər: “Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək”.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun  dediyinə görə, əvvəllər kənd təsərrüfatı texnikasının satışı zamanı güzəştlər yalnız “Aqrolizinq” ASC-dən alınan texnikaya tətbiq olunurdu: “Cənab prezidentin imzaladığı ”Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanın tətbiqi ilə əlaqədar artıq texnika satışında subsidiyalar bütün təchizatçı şirkətlərdən alınan kənd təsərrüfatı texnikasına şamil olunacaq. Artıq fermerlərimiz müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala bilərlər. Texnikanın alqı-satqısı “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək”.

Şöbə müdiri bildirir ki, prosedur sadədir: “Fermer təchizatçı şirkətlə texnika alışı barədə razılaşır, həm fermer, həm təchizatçı şirkət banka müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə məşğul olan təchizatçı şirkətlər kifayət qədərdir. Yeni qaydalara əsasən, bütün şirkətlərdən alınan texnikanın dəyərinin 40 faizi subsidiyalaşdırılır”.