Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclasında ötən il kiçik və orta biznesin (KOB) inkişafına dair görülən işlər müzakirə edilib.

Agentlikdən bildirilib ki, İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və sahəvi assosiasiyaların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov 2018-ci ildə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də agentliyin ötən müddət ərzində gördüyü işlər barədə məlumat verib. Vurğulanıb ki, keçən il kiçik və orta biznesin qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib, dövlət satınalmaları ilə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Bütün bunlar ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, KOB-ların fəaliyyətinin genişləndirilməsində əhəmiyyətlidir.

Agentlik yanında İctimai Şuranın 2018-ci ilin noyabrında yaradıldığını xatırladan O.Məmmədov kiçik və orta biznesin inkişafı istiqamətində KOBİA tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərində şuranın fəal iştirakının önəmini diqqətə çatdırıb.

Sonra İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digərləri çıxış edərək iclasın gündəliyində olan məsələlərə, şuranın fəaliyyətinə və şuranın agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndirilib. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, KOBİA yanında İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və agentliyin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentliklə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.