“2018-ci ildə Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib”.
“Elitinfo.az” xəbər verir ki, bu fikri Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini İsmayıl Hüseynov deyib. O, bildirib ki, 2018-ci ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb:
“Qeyd etmək istəyirəm ki, hesabat dövründə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub. 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. 2018-ci ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb”
İ. Hüseynov qeyd edib ki, aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub:
“416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Onu da qeyd edim ki, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.
2018-ci ildə sərhədi keçən fiziki şəxslərin ümumi sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə müqayisədə 2 milyon nəfər artıb və bu şəxslərə Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət göstərilib”.