“Azərkitab” Kitab Mərkəzində rəssam Elmar Məmmədzadənin “Mən fəxr edirəm ki, azərbaycanliyam” adli fərdi sərgisi açılıb. “Elitinfo” xəbər verir ki, sərgidə rəssamin 40-dək ipək üzərində kölgə effektli dahi şəxsiyyətlərin portretləri və dünyanin ən kiçik əsərləri nümayiş olunur.
Sərgidə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək təsviri və tətbiqi sənətin sintezi olaraq yaranan ipək üzərində rəsm sənətinin rəssamlıqda yeni fikir olduğunu qeyd edib. Natiq, Tünzalə Məmmədzadənin yaratdığı bu yolun davamçısı olan rəssam Elmar Məmmədzadənin sərgidə nümayiş etdirdiyi əsərlərin daha bir yenilik olduğunu bildirib. Əvvəllər belə əsərlərin olmadığını deyərək, rəssamı bu cür ilkə imza ataraq Azərbaycan incəsənətinə verdiyi töhfəyə görə təbrik edib.
Azərbaycan dövlət pedaqoji universitetinin rektoru, professor Cəfər Cəfərli rəssamın yaratdığı əsərlərin yeni istiqamətdə olmasını xüsusən də, Azərbaycanın dahi şəxsiyyətlərini öz yaradıcılığında işıqlandırdığını, eyni sərgidə iki yeniliyə imza atdığını vurğulayaraq rəssamı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.
Sonda Marmara Universitetinin doktorantı rəssam Tünzalə Məmmədzadə yaratdığı yeni yolu müvəffəqiyyətlə davam etdirdiyi, eyni zamanda öz sənəti ilə Azərbaycanı xarici ölkələrdə də layiqincə təmsil etdiyi üçün rəssama təşəkkür edib.
Üç gün davam edəcək sərgidən əldə olunan gəlirin bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinə bağışlanılacaq.