Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. DAİM-də Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən 70-ə yaxın xidmət göstərilir. Yeni qurumda “vahid pəncərə” prinsipinin tətbiqi şəffaflığın artırılmasına, fermerlərlə əlaqə mexanizminin təkmilləşməsinə müsbət təsir göstərir. Xaçmaz DAİM fəaliyyətə başlayan 5-ci mərkəzdir. Fevral ayının sonuna kimi regionlardakı bütün DAİM-lər fermer və sahibkarların xidmətində olacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 25-də kənd təsərrüfatı naziri İnam Kərimov yeni fəaliyyətə başlayan Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı bildirib.

İnam Kərimov jurnalistlərə müsahibəsində deyib ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da fəaliyyət göstərir. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdir.

“Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra qurumların əsasında Aqrar Xidmətlər Agentliyi yaradıldı. Yeni yaradılan Agentliyin xidmətləri də DAİM-də fermer və sahibkarlara təqdim olunacaq. Əsas məqsəd fermerlərin yanında olmaq, dövlət xidmətlərini onlar üçün əlçatan, şəffaf etməkdən ibarətdir”, – deyə İnam Kərimov bildirib.

DAİM-in binasında Xaçmaz və ətraf rayonlardan dəvət olunan mexanizatorlara xidmət göstərilib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 150-dən çox mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.

Nazir İnam Kərimov xidmətlə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, tövsiyələrini verib.