Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki, Tərtər, Goranboy, Göyçay və Ağdaş ərazisində torpaqların ilkin vəziyyətini müəyyənləşdirmək məqsədilə bir qrup əməkdaş çöl-tədqiqatlarının aparılması üçün həmin rayonlarda ezamiyyətdə olub.
AMEA-dan bildiriblər ki, əməkdaşlar tərəfindən Şəki rayonunda 23 fermerə məxsus təsərrüfatda taxıl bitkiləri altında 0-30, 30-60, 60-90 santimetrlik qatlardan torpaq nümunələri götürülüb, bəzi analizlər birbaşa sahədə, digər analizlər isə laboratoriya şəraitində yerinə yetirilib. Göyçayda 2, Ağdaşda 1, Tərtərdə 29, Goranboyda 22 fermer təsərrüfatında buğda, arpa sahələrində 153 torpaq nümunəsində duzların miqdarı, torpağın nəmliyi və digər göstəricilər müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay rayonunda yerləşən elmi-tədqiqat təcrübə məntəqəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndələri, nazirliyin rəhbərliyi, məntəqənin əməkdaşları və fermer təsərrüfatının işçiləri birlikdə xarakterik yerdə torpaq kəsimi qoyublar.
İlkin olaraq həmin kəsimdən qatlar üzrə nümunələr götürülüb, “Palitest”, “Solomer”, “ECO ES-Tester Manual”, “Vlaqomer”, “Konduktometr Ph-metr (Ph 3000)” və başqa cihazlarla təchiz olunmuş Mobil Aqrar Tədqiqatlar laboratoriyasında torpaqda nitrat, azot, fosfor və duzların miqdarı, həmçinin torpağın nəmliyi, temperaturu, qələviliyi təyin edilib.
Bundan əlavə, Cəyirli kəndində və Aqrar İnkişaf Mərkəzində yerləşən artezian sularında, Yuxarı Şirvan kanalı və şəhərdə istifadə olunan sularda, Qarayazı kəndində olan göl sularında bu proseslər aparılıb. Aparılan ilkin analizlər nəticəsində suvarma və artezian sularının qələvilik və minerallığı müəyyən edilib.