Milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə qeydə alınır.

Bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib. Məlumatda qeyd edilir ki, il ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Belə ki, yayımçıların ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmədikləri bəlli olub. Onlar daha çox ucuz yollara əl atır, əksərən ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

Bəs bu məlumata münasibət necədir? Telekanallardakı özbaşınalığı necə aradan qaldırmaq olar?

seymurBununla bağlı danışan Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, son illər telekanallarda bayağı verilişlərin sayı xeyli artıb: “Yayımçılar ciddi, analitik verilişlər hazırlamağa maraq göstərmirlər. Buna səbəb kimi həmin verilişlərə marağın az olduğunu göstərirlər. Azərbaycan cəmiyyəti “reytinq bəlası”na düçar olub. Bu mənfi tendensiyadan telekanallar daha çox əziyyət çəkirlər. Reytinq azarı peşəkar yanaşmanı arxa plana keçirib. Aparıcı tanıyıram ki, reytinq xatirinə efirdə meymunluq edir. Aparıcı da var ki, verilişin reytinqini qaldırmaq üçün efirdə “donbalaq” aşır. Hamı “tamaşaçı ovu”na çıxıb. İntellektual, maarifləndirici verilişlər yox dərəcəsindədir. Telekanallarımız “kolxoz bazarını” xatırladırlar. İntellektual səviyyəsinə görə bazar arvadlarından fərqlənməyən aparıcılar efirdə meydan sulayırlar. Arvadı pencək kimi dəyişən əbləhlər efirdə ailə dəyərlərindən danışırlar. Ekspert statusu ilə verilişlərə dəvət alan adamların çoxu mənfi imicə malik olan şəxslərdir. Elə “ekspert” var ki, canlı efirdə qonağa “əxlaqsız”, “qatil”, “cani” deyir”.

S.Verdizadə vurğulayıb ki, Milli Televiziya və Radio Şurası bu problemlərə laqeyd qalmamalıdır: “Həmin verilişlərin aparıcılarını cəzalandırmaq lazımdır. Qeyri-peşəkarların efirlərə yol tapması, bayağı verilişlərin sayının artması tamaşaçıda teleməkana qarşı ikrah hissi oyadıb. Azərbaycan telekanallarına baxmaqdan imtina edənlərin sayı hər ötən gün artır. Bu isə birbaşa ölkəmizin informasiya təhlükəsizliyini təhdid edir. Təxirəsalınmaz tədbirlər görməyin vaxtı çatıb. Sonra gec ola bilər”.