Struktur islahatlarının əsas məqsədlərindən biri dövlət büdcəsi vəsaitlərinə qənaət olunmasıdır
Azərbaycanda həyata keçirilən struktur islahatlarının əsas məqsədlərindən biri idarəetmə sistemində çevikliyin təmin olunmasıdırsa, digəri də dövlət büdcəsi vəsaitlərinə qənaət olunmasıdır.
Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı fərmanları ilə ləğv edilən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2019-cu ilin dövlət büdcəsindən 4 milyon 600 min manat, Prezident yanında Bilik Fonduna 835 min 316 manat, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinə 2 milyon 271 min 488 manat, ləğv edilən və fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi ilə yenidən qurulmalı olan Prezident yanında Elmin İnkişafı Fonduna 4 milyon 36 min 756 manat ayrılmışdı.
Bundan əlavə, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Tarif (qiymət) Şurasının Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ləğv edilərək fəaliyyətləri ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilib. Bu isə həmin strukturlara ayrılan büdcə vəsaitlərinə də qənaət edilməsi deməkdir.
İqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, struktur islahatları idarəetməni təkmilləşdirir, onun funksionallığını artırmaq, çevik təşkil etmək və səmərəliliyini artırmaq məqsədi daşıyır: “İllər üzrə dövlət büdcəsində ümumi dövlət xidmətləri xərclərinə diqqət yetirsək, bunun hər il artdığının şahidi olarıq. Bu tendensiya heç də müsbət hal sayıla bilməz. İdarəetmə xərcləri nə qədər az təşkil etsə, bu, bir o qədər keyfiyyətə və operativliyə dəlalət edər. Odur ki, idarə xərclərinin ildən-ilə, o cümlədən əsassız yerə artmasına imkan vermək olmaz. Bunun üçün həm idarəetmə orqanlarının daxilində, həm də, ümumiyyətlə, idarəetmə orqanlarının sayları üzrə müntəzəm dəyişikliklər və islahatlar aparmaq lazımdır. Və bu, ilk növbədə işçilərin sayının, ştatlar üzrə kəmiyyət göstəricisinin məhdudlaşdırılması – azaldılması ilə xarakterizə olunmalıdır”.
Ekspert bildirir ki, prezidentin yanvarın 14-də imzaladığı dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman da əsasən buna xidmət edir: “Bu, son illər ərzində əhatə etdiyi və toxunduğu qurumların sayına görə struktur islahatları baxımından ən böyük addım sayılır. Belə ki, 10-a yaxın qurum ləğv olunacaq və yaxud fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi, həmçinin ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunacaq. Həyata keçiriləcək işlər nəticəsində həm əmək haqqı, həm də bir sıra istiqamətlərdə xərclər azalacaq. Ölkədə 800 min dövlət büdcəsi işçisi vardır. Bu, 1 milyondan cəmi 200 min nəfər aşağı deməkdir. Bu, olduqca böyük rəqəmdir. Bunun bir hissəsi özəl sektorda çalışsa yaxşıdır və daha məqsədəuyğundur. Onlara verilən maliyyə hesabına isə yerdə qalan dövlət büdcəsi işçilərinin maaşlarını artırmaq olar”.
P.Heydərov qeyd edir ki, ümumiyyətlə, idarəetmə aparatında, həmçinin təhsil ilə səhiyyədə çalışanların əmək haqlarının ümumən iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsindən yüksəkdə dayanması üçün dövlət və qeyri-dövlət bölməsində çalışan muzdlu işçilərin sayı ikincinin xeyrinə artmalı və bu sahədə balans düzgün təmin olunmalıdır.