Oktyabrın 20-də Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində (QEPTM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Energetiklər Gününə həsr olunan “dəyirmi masa” keçirilib.

Bilik Fondundan Elitinfo.az -a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələri, Qobustan rayon ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

QEPTM-in xidmət rəisi Vüsal Hüseynov əvvəlcə tədbir iştirakçılarını Mərkəzlə tanış edib. Qonaqlar Prezident İlham Əliyevin Mərkəzin açılışında iştirakını əks etdirən fotostendə baxıblar.

Sonra Mərkəzdəki dispetçer və idarəetmə məntəqəsində külək və günəş enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi əyani şəkildə şərh olunub. Qobustan rayonunun elektrik enerjisi ilə təminatında stansiyanın rolu faktlarla diqqətə çatdırılıb.

AzTU-nun istilik energetikası kafedrasının baş müəllimi, dekan müavini, dosent Nofəl Nəbiyev, ADNSU-nun energetikanın problemləri elmi–tədqiqat laboratoriyasının aparıcı mühəndisləri Rəşad Çopsiyev, Nazim Şıxkərimov ölkəmizin zəngin alternativ və bərpa olunan günəş, su, külək və digər ekoloji təmiz enerji mənbələrindən istifadənin əhəmiyyətindən danışıblar. Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqinin enerji təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət edilməsində, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmini ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Belə tədbirlərin elmlə təcrübənin, təhsillə istehsal müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsi, tələbələrin dünyagörüşünün zənginləşməsi baxımından önəmi qeyd edilib.

Bilik Fondunun aparıcı məsləhətçisi Elvin Hətəmov təmsil etdiyi qurumun maarifçilik tədbirləri barədə məlumat verib, stansiyanın kollektivini energetiklərin peşə bayramı münasibətilə təbrik edib. O, həmçinin səmərəli əməkdaşlığa görə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.