Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport verdilər.
Dövlətimizin başçısı mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident deyib ki, Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilib. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilib.
Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemlərinin öz həllini tapdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik.
Builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci Fərmanın şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olduğunu xatırladan Prezident deyib: “Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.
Bu il keçirilmiş iki hərbi paradın bizim hərbi gücümüzü bütün dünyaya göstərdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər”.
Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim etdi.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.