Nazirliyin yeni layihəsi “Kənddən şəhərə” layihəsi başlamaq üzrədir və artıq Dövlət Aqrar Ticarət Şirkəti təsis edilib, məqsəd fermerlərin məhsullarının satılmasına, yeni bazarların tapılmasına kömək etməkdir”.
Elitinfo.az xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri İnam Kərimov bildirib. O qeyd edib ki, “Kəndən şəhərə” layihəsi müasir yarmarka konsepsiyası üzərində qurulub: “Artıq ənənəvi yarmarkalardan müasir dövrün tələblərinə uyğun yarmarkalara keçid edilməlidir. Bu layihə yaxınlarda təqdim ediləcək. Layihə əsasında birinci satış yarmarkası Bakı şəhərində, o cümlədən böyük supermarketlər şəbəkəsində “Kənddən şəhərə” devizi altında məhsullar satışa çıxarılacaq. Bununla yanaşı, fermerlərin məhsullarının satışına ən böyük dəstək hesab edirəm ki, elektron kənd təsərrüfatı çərçivəsində həyata keçirilməlidir. Fermerlər planlaşdırmanı düzgün qura bilmirlər, bu sahədə onlara dövlət dəstək olmalıdır. Misal üçün bir il sarımsaq az əkilir və məhsul bazarda baha olur, növbəti il hamı sarımsaq əkir, qiymətlər düşür. Əvvəlcədən kimin nə əkmək istədiyi dövlətə elektron kənd təsərrüfatı vasitəsilə bəyan edilməlidir. Bu təhlil ediləndən sonra vətəndaşlarımıza tövsiyyə ediləcək ki, hansı məhsulu əkdikdə onlar öz məhsullarını asan formada sata bilərlər”.
Nazir fermerlərin məhsullarının sığortalanması məsələsinə də toxunub. O qeyd edib ki, müvafiq qurumlara təqdim edilən “Aqrar sığorta haqqında” qanun layihəsi qəbul edildikdən sonra fermerlər öz məhsullarını dövlətin dəstəyi ilə sığortalaya biləcəklər.