Son üç ildə dövlət-biznes münasibətlərində başlanmış transformasiya prosesi uğurla davam edir.

Elitinfo.az  xəbər verir ki, bu sözləri “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Forumda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. O qeyd edib ki, əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub. Belə ki, rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır: “Təhlillər göstərir ki, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir”.

O.Nəzərli xüsusi vurğulayıb ki, 2021-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyənin 27,4 faiz, ƏDV üzrə dövriyyənin 27,8 faiz, elektron qaimə faktura üzrə dövriyyənin həcminin isə 24 faiz artması bu sektorda şəffaflaşmanı ifadə edən daha bir elementdir.