Bakıda Misir-Azərbaycan İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Müştərək Komissiyasının beşinci iclası keçiriləcək.

Bu barədə yerli mətbuata Misirin Azərbaycandakı səfiri Adel İbrahim məlumat verib.

Səfir bildirib ki, idxal, ixrac, turizm, istehsal, inşaat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya texnologiyaları, maliyyə sektoru, bərpaolunan enerji, kimya və ağır texnika sənayesi kimi sahələrdə fəaliyyət göstərən Misir şirkətlərinin 30-dək nümayəndəsinin iştirakı ilə iki ölkə arasında investisiya əlaqələrinin inkişafı kontekstində Misir və Azərbaycanın iş adamlarının biznes-forumu da keçiriləcək.

Misir tərəfdən biznes-foruma bu ölkənin beynəlxalq əməkdaşlıq naziri doktor Ranya Al-Maşat sədrlik edəcək.

Diplomat Hökumətlərarası Komissiyanın və Komissiya çərçivəsində biznes-forumun keçirilməsinin Misirlə Azərbaycan arasında ümumi maraq doğuran müxtəlif sahələrdə daha səmərəli əməkdaşlığa təkan verəcəyini vurğulayaraq, Misirin siyasi rəhbərliyinin iki ölkənin əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini və ölkələrimiz arasında imzalanmış sazişlərin reallaşdırılmasında maraqlı olduğunu qeyd edib.