Dövlətin uşaqlarla iş sahəsində nəzarət etdiyi və qarşıya qoyduğu vacib vəzifə və tələblər mövcuddur. Buna görə də uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir vətəndaş bu məsuliyyəti anlamalı və öz üzərinə düşən vətəndaşlıq və insanlıq vəzifələrini layiqincə yerinə yetirməlidir.

Elitinfo.az xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) uşaq bağçasında baş verən hadisə ilə bağlı açıqlamasında yer alıb.

Məlumatda bildirilir ki, son günlər uşaq bağçasında baş verən və uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisə və buna bənzər hallar bir daha onu göstərir ki, müəllim, pedaqoq və tərbiyəçiləri işə təyin edən zaman onların pedaqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, o cümlədən insani keyfiyyətləri ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir. Bu məqamlar Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarında da öz əksini tapıb.

Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

Həyata keçirilən tədbirlər və maarifləndirmə işinə baxmayaraq təəssüflər olsun ki, hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq. Dövlət Komitəsi olaraq uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformalarında aktual problem kimi müzakirəsinə yardım edən media nümayəndələri, eləcə də sosial media istifadəçilərinə təşəkkür edir, eyni zamanda, uşaqlarla bağlı məlumatların yayımlanması zamanı onların hüquqlarının pozulmamasına, şəxsi məlumatlarının və fotolarının əks olunmamasına ciddi yanaşmalarının vacib olduğunu bildiririk.

Bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır, mənfi hallarla rastlaşdıqda müvafiq dövlət qurumlarına müraciət etmələrini xahiş edirik.