Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin ev sahibliyi ilə Ərəb Xəbər Agentlikləri Birliyi (FANA) Baş Assambleyasının 48-ci konfransı keçirilir.

Yerli  mətbuat xəbər verir ki, konfransda FANA-ya üz olan 18 ərəb ölkəsinin rəsmi xəbər agentliklərinin rəhbərləri təşkilatın fəaliyyət istiqamətlərini, feyk xəbərlərin qarşısının alınması və etibarlı mənbələrdən informasiya yayılması məsələlərini müzakirə ediblər.

Tədbirdə çıxış edən SPA agentliyinin rəhbəri Fəhd bin Həsən Əl Aqran ötən beş ildə FANA-ya sədrlik edən Oman Xəbər Agentliyinin (ONA) baş redaktoru İbrahim bin Zəhran Əl-Əzriyə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda informasiya məkanında köklü dəyişikliklər fonunda FANA-nın rəsmi saytının da yenilənməsinə, ərəb ölkələri və bütün dünyadan xəbərlərin daha operativ yayılmasına ehtiyac var. Təşkilat, həmçinin beynəlxalq informasiya məkanında öz nüfuzunu artırmalı, Avropa və Asiyanın xəbər agentlikləri birlikləri ilə sıx əməkdaşlıq etməlidir.

Yanvarın 12-də işini davam etdirəcək konfransda FANA-nın yeni sədri və onun müavinləri seçiləcək.

Qeyd edək ki, 2017-ci il noyabrın 24-də qurumun İordaniyanın paytaxtı Əmmanda keçirilmiş 45-ci iclasında AZƏRTAC-ın sədrlik etdiyi Dünya Xəbər Agentliklərinin Konqresi (NAWC) və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdu.