Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində Mərkəzi Avropada dayanıqlığa həsr olunmuş “Planet Budapeşt 2021” Sərgi və Sammiti keçirilir. Tədbirdə 30-dan çox ölkənin dövlət və hökumət başçıları, həmçinin BMT, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ərəb Ölkələri Liqası, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Meteorologiya Təşkilatının nümayəndələri, nüfuzlu şirkətlərin rəhbərləri iştirak edib. Tədbirdə “Azərsu” ASC-nin nümayəndələri də iştirak edib.

ASC-dən Elitinfo.az-a bildirilib ki, tədbirdə müasir dünyada ekoloji vəziyyətin dəyişməsi, suya tələbatın artması, insanların təmiz su çatışmazlığı ilə üzləşməsi, ağıllı şəhərlər, dayanıqlı su təchizatı, tullantı sularının idarə olunması, pandemiyanın davamlı inkişafa təsirləri, enerji və nəqliyyat məsələləri, bu sahədə problemlər və onların həlli yolları müzakirə edilib və aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılaraq növbəti illər üzrə fəaliyyət planı tərtib olunub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyinin nümayəndələri, “Budapeşt Su İşləri”, “Macarıstan Su Qrupu”nun direktorları və digər şirkətlərin rəhbər şəxsləri ilə görüşlər keçirilib, su sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub, “Azərsu” ASC ilə münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması məsələlərinə toxunulub.