27 Sentyabr – Anım Günü və 44 günlük Vətən müharibəsinin ildönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC- nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb. Bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılmışdır. Bir ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşdülər. Təlimlər həm nəzəri, həm də praktik yöndə baş tutub.

Elitinfo.az xəbər verir ki, noyabrın 4-də “Azərxalça” ASC –nin İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi keçirilib. Tədbiri “Azərxalça” ASC sədri Emin Məmmədov açıq elan edərək, hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür edib.

Bildirilib ki, milli xalçaçılıq irsimizin qorunması və gənclər arasında xalçaçılıq sənətinə marağın artırılması yönündə “Zəfər” kolleksiyası xalça müsabiqəsinin müstəsna rolu olacaq. Sədr qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir və bundan sonra “Azərxalça” ASC gənclərlə daha sıx əməkdaşlıq edəcək. 13 gənc təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinə öz əsərlərini təqdim etdi. Hər bir gənc əsərini təqdim etməklə yanaşı onun fəlsəfəsini də hər kəsə izah edərək müdafiəsini yekunlaşdırdı.

Xatırladaq ki, noyabrın 4-dən etibarən 10 gün ərzində 13 müsabiqə iştirakçısının əsəri İçərişəhər, Böyük Qala 15 ünvanında, “Azərxalça” ASC showroom- da sərgilənəcək. Maraqlanan hər kəs əsərləri seyr etməklə yanaşı qalibin müəyyən olunamsında, səsvermədə də iştirak edə bilər. 10 gündən sonra qaliblər elan olunacaq. Qaliblərin əsərləri əsasında isə “Azərxalça” nın “Zəfər” xalça kolleksiyası hazırlanacaq! Yeni xalça kolleksiyası həm yerli, həm də xarici bazarda xalçasevərlərin istifadəsinə təqdim olunacaq.