Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin keçirdikləri üçtərəfli görüşündən sonra Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-nin komitə sədri Akif Çağatay Kılıç, Gürcüstan parlamentin komitə sədri Nikoloz Samkharadze birgə mətbuat konfransı keçiriblər.

Elitinfo.az xəbər verir ki, böyük Zəfər münasibəti ilə Azərbaycan xalqına təkrar təbriklərini çatdıran TBMM-nin komitə sədri Akif Çağatay Kılıç məlumat verib ki, birgə toplantıda regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunub. Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı faydalı əməkdaşlığın nəticələrinin region ölkələri üçün nümunəliyinin və cəlbediciyinin bundan sonra da qorunacağına əminliyini ifadə edərək, Azərbaycanın otuz illik işğala son qoyduğunu xatırladan komitə sədri Akif Çağatay Kılıç diqqətə çatdırıb ki, bu qətiyyətli zəfər Cənubi Qafqazda yeni bir geosiyasi vəziyyət yaradıb. Komitələr arasında keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər terrorun bütün formalarını qınayır, kim tərəfindən harada törədilməsindən asılı olmayaraq bunu yolverilməz hesab edir və qətiyyətlə pisləyirlər. Tərəflər regionda sülh, sabitlik və inkişafı qorumaq və əhatə dairəsini genişləndirmək üçün yekdil fikirdədirlər. Dövlətlərin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı dəstəklənir. Avropa İttifaqı, ATƏT və NATO parlament assambleyalarında birgə əməkdaşlığı davam etdirmək faydalı hesab olunub. Tərəflər Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti, yeddinci toplantısının Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı hərbi Zəfəri tarixi nailiyyət kimi dəyərləndirən komitə sədri Səməd Seyidov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması regionda bütün tərəflərin maraqlarını əks etdirən yeni bir inkişaf şəraiti yaradıb. Yaranmış yeni geosiyasi vəziyyət regiondakı bütün tərəflərə, sülh, sabitlik və inkişaf vəd edir. Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əməkdaşlıq nümunəvi və faydalıdır. Səməd Seyidov əminliklə bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri arasında gələn il Bakıda keçirilməsi nəzərdə tutulan görüşdə daha faydalı müzakirələr aparılacaq.

Keçirilən görüşdə müzakirələrin faydalı və səmərəli olduğunu diqqətə çatdıran komitə sədri Nikoloz Samkharadze qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı dinamizm regiondakı kompleks inkişaf üçün əlverişli mühit formalaşdırıb. Gürcüstan regionda sülh və inkişaf tərəfdarıdır.

Tərəflər sülh, sabitlik, əmin-ənamlıq və inkişaf naminə regional əməkdaşlıq formatının genişləndirilməsinə tərəfdar olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan parlament heyətinə deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyev daxildirlər.

Azərbaycan heyətinin Türkiyəyə səfəri oktyabrın 20-də başa çatacaq.