QHT-lər Ermənistanın müharibə cinayətləri barədə bəyanat yaydılar
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 3 oktyabr 2021-ci ildə bir sıra QHT təmsilçilərinin Gəncə şəhərinə səfəri təşkil edilib.
Səfərin məqsədi 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə həsr olunmuş konfransın keçirilməsi və hadisə yerlərinə ziyarətlərin təşkilidir.
Elitinfo.az Səfərdə əsasən insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisi iştirak edirdi.
Əvvəlcə Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Daha sonra səfər çərçivəsində keçirilən konfransda QHT-lər tərəfindən Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət qəbul olundu. Bəyanatda deyilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad edib. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvayçı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçib, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.
Azərbaycan QHT-ləri dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırıblar.