“Əslində 44 günlük Vətən müharibəsi XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsidir. Formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləridir”.

Elitinfo.az-ın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

Onun sözlərinə görə, tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır: “Bu, eyni zamanda xalqımızın özünə inamını bərpa edən, xalqımızı millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir. Bundan başqa, 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıq regionda dayanıqlı və uzunmüddətli sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən mühüm amillərdən biri olacaq. Biz 44 günlük müharibənin və zəfərimizin doğurduğu yeni reallığın yalnız Cənubi Qafqaza deyil, bütövlükdə regiona yaxın və ortamüddətli perspektivdə təsirini görsək də, uzunmüddətli perspektivdə onun doğurduğu nəticələrin yeni dünya qaydası üçün qlobal əhəmiyyətini bəlkə də hələlik sona qədər dərk etmirik. Prezident təsadüfən demir ki, “Azərbaycan xalqı müzəffər xalq kimi öz adını dünya tarixinə yazdı”. Biz zəfərimizin əks sədasını hələ uzun müddət duyacaq və eşidəcəyik”.

PA rəsmisi bildirib ki, bu zəfərin kökündə Azərbaycan Respublikası Prezidentinin uzunmüddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərdə güclənməsi və möhkəmlənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə, fasiləsiz gördüyü işlər və Prezident, ordu, xalq birliyi durur: “Müzəffər Ali Baş Komandanın, Müzəffər Ordumuzun və müzəffər xalqımızın yazdığı bu tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”.