Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri onlayn vətəndaş qəbulu keçirib.

Elitinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Kürdəmir rayonu, onun istismar üzrə müavini Cahid Hüseynov Göyçay rayonu, əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Ucar rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Ağsu Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər.