Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Əsgərlərinə örnək kapitan Ceyhun Həsənov” adlı videoçarx hazırlayıb.

İdarədən Elitinfo.az-a bildirilib ki, Vətən müharibəsi şəhidi Ceyhun Həsənovun şərəfli ömür yolundan bəhs olunan videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.

Videoçarxda qeyd edilir ki, Ceyhun Həsənov 29 oktyabr 1985-ci ildə Tovuzun Çeşməli kəndində doğulub. Sonra ailəsi ilə Bakı şəhəri Xətai rayonuna köçüb. 1992-ci ildə Xətai rayonundakı Ədalət Abbasov adına 257 nömrəli orta məktəbə gedib. Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında, həmçinin fənn olimpiadalarında uğurla iştirak edib.

2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan Ceyhun, oxuduğu müddətdə tağım komandiri vəzifəsini icra edib. Güləş yarışlarında yer tutub. 2002-ci ildə hərbi liseydə Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan Əsgəri” bədii qiraət müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub.

Ceyhun 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Orada təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra edib. 2008-ci ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib, ona leytenant rütbəsi verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində “Fəxri fərman”la təltif olunub. 2009-cu ildə müdafiə nazirinin əmri ilə Naxçıvan Muxtar Respublikasına göndərilib. Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirib.

Vətən müharibəsinin başladığı ilk gün kapitan Ceyhun Həsənov da ön cəbhədə, döyüşlərdə olub. Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlədə, torpaqlarımızın azad olunması kimi müqəddəs vəzifənin icrasında cəsur bölük komandiri kimi iştirak edib, öndə olub, əsgərlərinə örnək olub.

Ceyhun Füzulidə şəhid olub. Şəhid kapitanımız 2020-ci il sentyabrın 29-da II Fəxri xiyabanda dəfn olunub. Prezidentin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.