Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ili ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən mətbuata daxil olan müraciətdə qeyd olunub ki, yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində, eləcə də ali, orta ixtisas və digər təhsil ocaqlarında tədrisin ənənəvi şəkildə təşkili təhsil alanların, xüsusilə uşaq və yeniyetmələrin küçə və yollarda hərəkəti zamanı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, sentyabrın 20-dən oktyabrın 20-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi ilə yanaşı, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, eləcə də ölkədə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsil alanlar arasında maarifləndirmə və təbliğat-təşviqat işinin daha da canlandırılması nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər bir vətəndaşı ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir.